4 oktyabr, Moskva. Qulağımda musiqi və üzümə əsən sərin küləklə uzun müddətdən sonra rahatlıq hiss etməyə başlamışdım. Özümü sakit və tətmin hiss edirdim. Gəzintidən dərin həzz alaraq şəhər işıqlarının əhatəsində özümü bildiyim yolla yenidən ifadə etmək qərarına gəldim. Çoxdandır heç nə yazmıram.
Mövzuya keçməzdən əvvəl gəlin sizə Moskvanın “müharibə vaxtı”nı təsvir edim. Hərçənd, Rusiya hökuməti bunu “müharibə” deyil, hərbi əməliyyat adlandırır. Moskvada həyat elədir ki, sanki heç nə baş vermir – nə etiraz aksiyası, nə bir hərbi qulluqçu, nə də “hərbi əməliyyat” adlanan müdaxilələr, müəyyən məhsulların tədarük zəncirindəki dəyişiliklərdən başqa. McDonalds və Starbucks-ın adları dəyişdirilib, 10 böyük konsaltinq firması hələ də müxtəlif brendlər altında fəaliyyət göstərir, Netflix-ə isə VPN vasitəsilə girmək olur. Yeganə narahatlığım bank kartlarımın işləməməsidir, lakin xoşbəxtlikdən özümlə biraz nağd pul götürmüşəm.
Bundan başqa, bütün əsas pərakəndə brendlər hələ də buradadır. Ərzaq mağazalarının rəfləri demək olar ki, əvvəlki kimidir. İnsanlar gündəlik həyatlarına davam edirlər, yalnız seçilmiş bir qism Rusiyanı birdəfəlik tərk edib. Azərbaycan, Bakıda otellər rus fərariləri ilə dolarkən, eyni zamanda Ukraynanın regionları boyunca hər iki tərəfdən minlərlə insan ölür. İndi isə Moskvadan yenilikləri əhatə edib bitirdiyim görə fikrimdəki mövzuya keçə bilərəm.
Bütün görüşlərimdə müharibə hekayələrindən söhbət düşürdü, hamısı da dəhşətli idi. Bu hərbi əməliyyatdan və ya müharibədən sonra dünyanın heç vaxt əvvəlki kimi olmayacağını etiraf etmək çox çətindir. Fakt budur ki, iqtisadi dəyişikliklərin miqyası nəhəngdir, onun coğrafi təsiri isə onlarla ölkə və millətə təsir edəcək qədər çoxdur.
Bu gün son görüşümdə 54 yaşlı bir centlmenlə nahar etdik. Qəribəsi o idi ki, görüşümüz türk restoranındaydı. O yeməkdən sonra hələ də mədə qıcqırmam davam edir. Elə bu səbəbdən “Patriarşıye prudı” parkına doğru uzun bir gəzinti etmək qərarına gəldim. Nahar vaxtı biz öz perspektivlərimiz və nəsil fərqlərinə dair fikirlərimizi müzakirə emişdik. Məqalə üçün ilham mənbəyi də məhz bu oldu.
Söhbətimiz onun 23 yaşlı oğlu və 27 yaşlı qardaşı oğlu haqqında müzakirə ilə başladı. O, öz nəsli ilə gənclərin həyata baxışları arasındakı böyük fərqə görə gileylənirdi. “Bizim nəsil istənilən çətinliyin öhdəsindən gəlməyi, şəxsi məsələləri gizlətməyi yaxşı bacarırdı. Biz vaxtilə bu günki sahib olduqlarımıza çata bilmək üçün o qədər mübarizə aparmışıq ki. Lakin onlar daha sərbəstdirlər. Həyatlarında bir çətinlik olan kimi rahatlıqla hər şeydən imtina edirlər.” Daha sonra o, qardaşı oğlunun Böyük Britaniyada təhsil alaraq böyüdüyündən danışdı. Bakıya qayıtdıqdan sonra qardaşı oğlu tamamilə fərqli baxışları, istəkləri və motivasiyası olan birinə çevrilmişdi. Bu isə bütün ailəni narahat edir. Ailəsi onda olan dəyişiklikləri qəbullanmaq istəmirlər. Düşünürlər ki, gəncin etdiyi şeylər və ümumiyyətlə yaşam tərzi onlarınki ilə uyğun gəlmir.
Bütün bu danışdıqlarımız mənə qəribə gəlirdi. Axı niyə biz dəyişiklikdən, qeyri-müəyyənlikdən, və ümumiyyətlə fərqli fikirlərdən bu qədər qorxuruq? Dəyişiklik qaçınılmazdır, sənə çox yaxşı bir şey də gətirə bilər, qorxunc şey də. Ancaq eyni qalmaq və dəyişməyə həvəsli olmamaq əksər hallarda pis nəticələrə səbəb olur. Biz insanıq. Bizim DNT-mizdə dəyişmək, uyğunlaşmaq və təkamül etmək kimi vacib xüsusiyyətlər var.
Müzakirə zamanı arqumentimi daha ətraflı izah etmək üçün filosof Platonun “Mağara alleqoriyası” nəzəriyyəsinə istinad etdim. Məni bu nəzəriyyə ilə illər əvvəl dostum Fuad tanış edib. O, heç vaxt mənim yazılarıma və şəxsi inkişafıma öz dəstəyini əsirgəmir. Çox sağ ol, dostum!
Alleqoriya nədir?
“Alleqoriya” sözü latınca “allegoria” sözündən olub, hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Alleqoriyada cəmiyyət haqqında geniş bir anlayış sadə hekayə ilə təsvir edilir. Bəzən də tarixdən və ya günümüzdən olan məqamlar hekayəyə əlavə oluna bilir.
Alleqoriyalar metaforalara bənzəyir, çünki hər ikisi bir fikri başqa bir predmetlə müqayisə edərək təsvir edir. Fərq ondadır ki, alleqoriyalar personajlarla dolu hekayələr, metaforalar isə qısa nitqlərdir.
Mağara alleqoriyası nədir?
Mağara alleqoriyası yunan filosofu Platon tərəfindən yazılmış Sokratik dialoqdur. Platon Sokratın tələbəsi və tarixdə onun fikirlərini, təlimlərini qələmə alan azsaylı şəxslərdən biri idi. Hətta Platon qələmə aldığı bu yazıları daha sonralar öz kitablarının da əsas mövzusuna çevirmişdi. “Respublika” belə kitablardan biridir. Bu kitabda Sokrat və Platonun qardaşı Qlaukonun dialoqunu əks etdirən “Mağara alleqoriyası” nəzəriyyəsindən bəhs edilir. Mağara alleqoriyasında yeraltı mağaranın içərisində məhbus kimi ilişib qalan bir qrup insan təsəvvür edilir. Bu insanlar sadəcə bir istiqamətə baxırlar. Bütün hadisələr isə onları real dünyadan ayıran alçaq qayanın arxasında baş verirdi. Belə ki, bu divarın arxasından keçən əşyaların kölgələri mağaranın əks tərəfində – insanların baxdığı divarda öz əksini tapırdı. Ömür boyu sadəcə bir istiqamətə baxan məhkumlar isə arxada baş verənlərdən bixəbər həyatlarına davam edirdilər.
Onlar düşünürdülər ki, mağaranın divarında gördükləri kölgələr bu həyatdakı yeganə real şeylərdir və ətrafda baş verənlər onların gerçək dünyasıdır. Hekayə məhbuslardan biri mağaranı tərk etməyə cəhd edərsə nələrin baş verəcəyi düşüncəsi ilə irəliləyir. Nə görəcəkdilər? Necə uyğunlaşacaqdılar? Çöldə gördüklərinə inanarlarmı? Mağaraya qayıtsalar onların taleyi necə olacaq? Çox güman ki, mağaranın çölündəki real dünyanı kəşf edən məhbus geri qayıdıb öz yoldaşlarını bu qaranlıq dünyadan xilas etməyə çalışacaq. Lakin yekunda Sokrat və Qlaukon razılaşırlar ki, digər məhbuslar böyük ehtimalla təhlükəsiz və rahat dünyalarını tərk etmək istəməyəklər və onları azad etməyə çalışanları öldürəcəklər.
Mağara alleqoriyasının mənası nədir?
Platon insanların həyat tərzini mağara ilə simvolizə edir, reallığı bizim şərhimizə qarşı qoyur. Hekayədəki iki idea fərqli dünyaları əks etdirir: mağaranın içindəki dünya və çöldəki dünya. Mağaradakı məhbuslar üçün divardakı kölgələr onların bildikləri yeganə real şeylərdir. Əgər məhbuslardan biri azadlığa çıxsa və çöldəki aləmə şahid olsa, onlar əsl reallığın nə olduğunun fərqinə varacaqlar. Ancaq gözləri günəş işığından kor olan məhbus mağaranın qaranlığına geri qayıtsa, həqiqəti axtarmaq istəməyən yoldaşları mağaranın çölündəki dünyanın onlar üçün zərərli olduğunu düşünəcəklər.
Alleqoriya fərqli təcrübələrə və ya keçmişə sahib insanların həqiqətin fəlsəfəsini necə dərk etdiyini ehtiva edir. Mağaranın divarındakı kölgələr tez-tez dəyişir. Qeyri-stabil və daimi olmayan bu kölgələr onu izləyənlərə yalandan başqa heç nə vermir. Onlar real dünyanın qaranlıq mağaranın xaricində olmasından, hətta mağaradan başqa hansısa bir gerçək dünyanın olmasından bixəbərdirlər. Digər tərəfdən, mağaradan azad olan insan əvvəlki kimi davranmayacaq. Onun mağarada qalanlara yazığı gələcək, hətta özünü onlardan üstün hiss edəcək. Bu alleqoriya mahiyyət etibarilə bilik və inanc arasındakı ziddiyyətləri və insanın maarifləndiyi zaman başına gələnləri təsvir edir.
Bu, bəşəriyyətin qeyri-müəyyənlik qorxusu ilə sınağıdır.
(mənbə: masterclass.com)
Mağara nəzəriyyəsi haqqında qısa şərhimdən sonra söhbətçim gülümsədi və mənlə razılaşdığını başını yelləyərək təsdiqlədi. Daha sonra sözümə davam etdim. Bildirdim ki, atam da eyni fikirdədir. “O, məndə Böyük Britaniya, ABŞ və ümumilikdə qərb dünyasının təsirlərindən yaranan dəyişiklikləri bəyənmir. Əslində, atam məni İngiltərəyə təhsil almağa göndərdiyinə görə də peşmandır.” O yemək yeyə-yeyə bütün diqqətini mənə cəmləmişdi.
Mən də söhbətə davam edib, özüm haqqında başqa bir maraqlı hekayə danışmaq qərarına gəldim.
Yanvar ayı İtaliya, Naqo-Torboledə maşın sürərkən dostlarım Orxan və Çingizlə telefonda söhbət edib qərarlaşdırdıq ki, podkast platformasını işə salaq.
Təqribən 9 aydan sonra 1-ci mövsümümüzün çəkilişini başa vurduq. Veriliş “Algorithm” adlanır. Verilişlərin birində Çingizlə mən headhunter, yazıçı, səyyah, yoqa həvəskarı və sağlam yaşam tərəfdarı olan İlham Hacıyevdən müsahibə alırdıq.
Veriliş səyahət hekayələri ilə başladı. O, bizə səyahətə necə başladığından, Nərimanovdakı mənzilində səhər qəhvəsini içə-içə bir illik İtaliyaya köçmək qərarından danışdı. İlham Adriano Çelentanonun filmlərində böyümüşdü və İtaliya onun həssas yeri idi. O ömrünün 1 ilini İtaliya, 3 ilini də Parisdə yaşamaqla keçirib, üstəlik 76 ölkəyə səyahət edib.
Mən İlhama kamera qarşısında belə bir sual verdim: “Bu qədər ölkəyə səyahət etmək sizə nə verdi, nə qazandınız?” Buna İlham uzun, izahlı cavab verdi. (Sizi həmin verilişi dinləməyə dəvət edirəm. “Algorithm” podkastının hər çərşənbə yeni buraxılışı olur.) Uzun sözün qısası, o, həyatda öz yolunu tapdı. İnsanın “başqaları nə deyər” fikri ilə yaşayıb, ömür boyu peşmanlıq hiss etməyindənsə, öz həyat tərzini və yolunu tapmağından gözəl nə ola bilər?
Söhbətçim bu hekayəni üzündə xoş bir təbəssümlə dinlədi.
Sonda isə ən sevdiyim sitatlardan birini gətirdim.
“İnsanın iki həyatı var və ikinci həyatın yalnız bir həyata sahib olduğunu başa düşəndə başlayır.”
Pura Vida!
Tövsiyə etdiyim kitablar:
Con Keho – XXI əsr ağıl gücü
Eric Jorgenson – The almanack of Naval Ravikant
Jiddu Krishnamurti – Book of life
Eckhart Tolle -İndinin gücü