Özümü ” pis” hiss etdiyim cümə axşamı günlərindən biri idi və mən qərara gəldim ki, istirahət günü götürüm. Saat on birə qədər yatdım və həmin günə olan bütün işlərimi təxirə saldım. Təkcə birini saxladım.
Günorta qızımı məktəbdən götürməliydim. Adətən məktəbə maşınla getsəm də, həmin gün hava çox gözəl idi. Buna görə də məktəbə kimi piyada getməyə qərar verdim.
Hava qismən buludlu olsa da, günəşli idi və heç külək yox idi. Hüseyn Cavid parkına yaxınlaşdıqca bir-birinin ardınca addımlayan izdiham gördüm. Onlar avtobuslardan düşür və avtobusdan düşən kimi “Yasamal” qəbiristanlığına tərəf gedirdilər.
Onlar ötən gün dünyasını dəyişən dini liderlərinə sevgi və heyranlıqla şüarlar deyirdilər . Qəribə və təqdirəlayiq səhnə idi. Şahin Həsənlini yəqin ki, heç vaxt görməyən yüzlərlə kişi, qadın, uşaq və qoca təxminən 3 km aralıda düşdüklərinə baxmayaraq qəbiristanlığa doğru yürüş edirdilər. Bəziləri ağı deyir, bəziləri ağlayır və bəziləri isə öz birliklərindən ilhamlanırdı.
Mən parkdakı skamyada oturdum və 20 dəqiqə ərzində dayanmadan davam edən matəm izdihamını izlədim. Onları izləmək çox təsirli idi.
Bundan təxminən bir saat sonra qızımı nənəsinin yanına aparırdım. Bunun hekayə ilə heç bir əlaqəsi olmasa da, aramızda keçən kiçik bir dialoqu paylaşmaq istəyirəm.
Mən: Əhvalım nə qədər pis olur olsun, səninlə vaxt keçirəndə həmişə düzəlir.
O: Ata, bəs əhvalın düzələndə nə qədər müddət belə qalır?
Balaca çoxbilmiş qızım bilmək istəyirdi ki, mən onun üçün nə qədər tez-tez darıxıram?
Qızımın sayəsində böyük əhval-ruhiyyə ilə idman zalına doğru getməyə davam etdim.
Həmin gün dostumun yanına getdim. Məxfilik səbəbindən onun adını yazmayacam. Gəlin adı Fərhad olsun.
Divanda əyləşən kimi bu gün parkda müşahidə etdiyim möhtəşəm mənzərəni Fərhada danışdım. Ona qulaqlarımda musiqi ilə 20 dəqiqə parkdakı skamyada oturaraq insanların dayanmadan avtobuslardan düşdüklərinə, yürüş etdiklərinə və dini mahnılar oxuduqlarına baxdığımı danışdım.
Bu zaman o, çox hörmətli və sevilən bir insanı itirdiyimizi dedi və kədərləndi. Fərhad onun çıxışlarını, əməllərini çox gözəl bir monoloqda təsvir edirdi. Ən təəccüblüsü isə o idi ki, mərhum Şahin Fərhadın qəhrəmanı imiş. Fərhad həmişə onunla oturub söhbətləşmək, ona həyat, din və tarixlə bağlı suallar vermək istəyibmiş. Onun Şahinin fikirlərinə olduqca ehtiyacı var imiş. Buna baxmayaraq o, Şahinlə yaxından tanış ola bilmədi. Baxmayaraq ki, bunun üçün çox şansı olub. Hətta Fərhad bir dəfə onunla görüşüb, orada əl sıxışıblar və bir-birilərinə xoş sözlər deyiblər. Təəssüf ki, Fərhad heç vaxt öz komfort zonasından çıxmadığı üçün məşhur ilahiyyatçı ilə yaxından tanış ola bilmədi.
Söhbətimizdə uzun bir fasilə oldu. İnsanın gözlərində qaçırılmış bir fürsətin acı kədərini nadir hallarda görürsən.
Dostumun mənə qaçırılmış fürsət(lər) haqqında bu təəssüf dolu hekayəni danışması məni düşündürdü və mənə öz qəhrəmanlarımla necə tanış olmağımı xatırlatdı. Bəli, həm də dəfələrlə.
Heyran olduğun biri ilə tanış olmaq fürsətin olduğu halda bu fürsətdən istifadə etməmək mənə qəribə gəlir.
Təsəvvür edin ki, siz müəyyən bir fəlsəfə, ideya, konsepsiya, yaşayış tərzi və ya biznes yaratmısınız. Birdən-birə sizə heyran olduğunuz bir insan tərəfindən onu idarə etmək fürsəti təqdim olunur. Təkcə bu deyil, düşünün ki, sizin ideyanızı dinləyən qəhrəmanınız “Bəli, səninlə tamamilə razıyam” deyir və ya əksinə, öz tənqidi mövqeyini bildirir. Bunun nə qədər qaneedici, mükafatlandırıcı və sevindirici bir təcrübə ola biləcəyini təsəvvür edə bilirsiniz?
Fikirləşin ki, bir idmançı və ya yazıçı haqqında o “real ola bilməz ” kimi bir şey düşünürsünüz. Təkcə o insanı real həyatda görmək onun etdiyi işin mümkün və real olduğuna canlı sübut olardı. Bundan daha yaxşı motivasiya ola bilərmi?
Mən çox şadam ki, yerli qəhrəmanlarımla bağlı fürsətləri heç vaxt əldən verməmişəm. Mən onlara müraciət etdiyim, onlardan mənə zaman ayırmalarını xahiş etdiyim, rəhbərlik və ya məsləhət istədiyim üçün hədsiz şadam.İndi o insanların bəziləri hətta mənim dostlarımdır.
Bir dəfə belə hal olmuşdu. Mən o insanlardan birinə baş çəkmək şansım olanda, onunla məsləhətləşmək arzusu ilə ona mesaj yazdım. O məndən səbəbini soruşduqda isə, bunun mənim üçün öyrənmə fürsəti olduğunu dedim.
Bizim görüşümüz onun böyük iclas otağında idi və bir az da ciddi başlamışdı. Bununla belə, o mənim başqa niyyətim olmadığından əmin olduqdan sonra daha rahat və açıq danışmağa başladı. Sonra biz karyeramız, həyat təcrübəmiz və uğursuzluqlarımız haqqında söhbət etdik.
Ona “Sizi siz edən nədir?” sualını verəndə o dedi:
“Olduğum istənilən komandada ən çox riskə gedən şəxs mən olmuşam. İşimin təklif etdiyi ən uzaq və ən təhlükəli yerlərdə işləmişəm. Bunları ağlımda tutaraq məndə öz vəzifələrimə sadiqlik və ciddi öhdəlik var idi və budur, mən artıq buradayam”
Bu anda ağlım “ən çox riskə gedən” sözünə ilişdi. Bu görüşdən aldığım ən əsas dərs məhz o ifadə oldu. Beynimə yapışıb qaldı.
Biz qəhrəmanlarımızı yüksək standartlara uyğun tuturuq və onlar öz təcrübələri və uğurları sayəsində çoxlu etibar toplayırlar. Qəhrəmanınız “Mən həmişə ən çox riskə gedən şəxs olmuşam” dedikdə, siz bu cümləni həqiqətən ciddi qəbul edirsiniz.
Kaş ki, deyə bilsəydim ki, o görüş həyatımı dəyişdi. Amma elə olmadı. Bu görüş mənə perspektiv və bilik verdi. Özümə olan inamıma yeni bir nəfəs verdi. Mənə yeni seçimlər verdi. Bundan sonra mən adi görüşlərdə, iş görüşlərində və ümumiyyətlə həyatımda bəzi dəyişikliklər etməyə başladım. Bu dəyişikliklər məni hara aparacaq, yaşayıb görəcəyik. Mən çox şadam ki, o insanla və onlarla belə insanlarla tanış olmuşam. Mən əminəm ki, bu həyatda heçnə səbəbsiz baş vermir.
“Həyat dəyişdirən” sözü bizi tez-tez yanıldır. Biz gözləyirik ki, hansısa ilahi bir şey, an və ya bir insan xirtdəyimizdən yapışıb həyatımızı dəyişdirsin. Məyusedici tərəf odur ki, nə qədər arzulasaq da, bu belə olmur. Biz o unikal anları özümüz əldə edirik və onlar heyrətamizdir. O andan sonra etdiklərimiz isə 10 qat daha önəmlidir.
Doğulduğunuz gündən son nəfəsinizə qədər sizə müxəlif fürsətlər, əşyalar, şanslar, insanlar və təcrübələr təqdim olunur. Açıq desəm, bunlarla nə edəcəyiniz, elə o anda və bundan sonra həyatınızı necə dəyişməyə qərar verəcəyiniz sizdən asılıdır. İşin qəribə tərəfi bundadır ki, “həyatı dəyişdirən” elə siz özünüzsünüz. Qəhrəmanlarınız öz məqsədlərinə xidmət edirlər. Onlar sizi inandırır, motivasiya edirlər. Qəhrəmanlarınız nail olmağa çalışdığınız hər şeyin MÜMKÜN ola biləcəyinin canlı təcəssümləridir.
Pura vida!