QOŞUNLARA MƏLUMAT VERİN
Xüsusi təyinatlılar (SEAL) üçün hərəkətin əsas növü hərbi nizamnaməyə görə addımlamaqdır. Təbii ki, uzun məsafə üçün təyyarələr, helikopterlər və gəmilərdən istifadə edirik. Ancaq hədəfə əsgərlərin min illər boyu döyüşə getdikləri kimi yaxınlaşırıq: ayaqla.
Qət edilmiş yolun uzunluğu əməliyyatdan əməliyyata fərqlənir. Bu helikopterdən düşdükdən sonra hədəfə çatmaq üçün gedilmiş son yüz metr ola bilər. Bir patrul uzun gecə əməliyyatlarında çox sayda kilometr qət edə bilər.
Hərbi nizamnaməyə görə addımlamaq filmlərdə və ya televiziyada canlandırılan zaman ümumiyyətlə, parkda gəzmək kimi sadə, nisbətən zərərsiz bir hərəkət kimi görünür.
Ancaq bu parkda gəzmək kimi sadə deyil. Hərbi nizamnaməyə görə addımlamaq fiziki cəhətdən ağır, zehni cəhətdən çətin, bəzən də ağrılı bir təkamüldür. Buna görə də əməliyyatın ən çətin hissəsi sayılır. Patrulun hər bir üzvü xüsusi əməliyyatlar üçün nəzərdə tutulan silahlar, döyüş sursatları, dəbilqə və bədən zirehləri, radiolar, batareyalar, qumbaralar, tibbi avadanlıqlar, qida, su və digər xüsusi avadanlıqlarla yüklənirlər. Hər bir patrul üzvü özü ilə ən azı 50-70 funt, ən çoxu isə 120 funt ağırlığında ləvazimat daşıyır. Bu ağırlığı dik və amansız ərazi, gecələr tez-tez uzaq məsafələrdə hərəkət etmə zərurəti və düşmən hücumuna qarşı ayıq qalmağın stresi ilə birləşdirin. Heyət sadə gəzinti vəziyyətindən onların enerjisini və motivasiyasını aşağı salan dözülməz dərəcədə ağrılı döyüş vəziyyətinə bir anda keçə bilər.
Gənc xüsusi təyinatlı (SEAL) olduğum zamanlarda mənimlə birlikdə SEAL Team One-a seçilmiş yeni uşaqlarla STT adlanan SEAL Taktik Təlimlərindən keçdim. SEAL komandasına qoşulan zaman etdiyimiz ilk iş bu idi. Təlim BUD / S zamanı öyrəndiyimiz mütləq əsaslara əsaslanmalı və bizi SEAL tağımına təyin olunmağa hazırlamalı idi. Təlimatçı heyət biliklərimizi genişləndirməklə yanaşı, müxtəlif vəzifələri icra edərkən SEAL tağımında tuta biləcəyimiz mövqelər haqqında anlayış yaratmaq üçün bizi təməl şeyləri öyrənməyə məcbur edirdilər. Bu o deməkdir ki, mən ağır pulemyotçu, tibb işçisi, tuşlayıcı, mühafizə və hətta patrul lideri kimi vəzifələr icra etmişəm. Bu vəzifələrin hər biri—hərbi nizamnaməyə görə addımlamaqdan tutmuş patrul liderliyinə kimi—məni fərqli vəziyyətlərə saldı. Xüsusi təyinatlılar (SEAL) tağımında ilk olaraq rabitəçi kimi təyin olunmağımdan qabaq fərqli patrullarda olduğum üçün çox şanlı idim.
Addımlama zamanı SEAL heyətində tuşlayıcı patrul öndə gedərək yolu göstərir. Patrul lideri onun arxasınca gəlir. Patrul liderindən sonra rabitəçi, sonra ağır artileriyaçı, tibb işçisi, digər ağır pulemyotçu, patrul liderinin asisstenti və sonra mühafizə gəlir. İki SEAL komandasından ibarət SEAL tağımı birlikdə addımlayan zaman birinci heyət öndə, ikinci heyət isə arxada addımlayır.
Beləliklə, hər bir xüsusi təyinatlının mövqeyi tağım və ya heyətdəki yerinə görə təyin olunur. Bütün bu vəzifələrdə olmaq fürsəti mənə rəhbərlik haqqında çox dəyərli bir dərs verdi.
Tuşlayıcı kimi addımlamaq fiziki cəhətdən daha çətin idi çünki yolu sən cızırdın. Ancaq bunun bir faydası var idi: Sən nə baş verdiyini bilirdin. Tuşlayıcı kimi sən əslində patrulu idarə edirdin; qabaqda idin, tez-tez xəritənə baxırdın, öyrəndiyin ərazilərin xüsusiyyətlərini yoxlayırdın, addımlarını sayaraq nə qədər məsafə qət etdiyini bilirdin və mütəmadi olaraq harada olduğunu və nə qədər getməli olduğunu qiymətləndirirdin.
Yürüşdə sonrakı adam patrul lideridir. Patrul lideri kimi, sənin də harada olmağın haqqında aydın təsəvvürün olmalıdır. Sən bu mövqedə xəritəni birlikdə işlədiyiniz, harada olduğunuzu və nə qədər getməli olduğunuzu göstərən vacib yüksəklikləri qeyd edən tuşlayıcı ilə çox yaxından işləmisən. Heyət biraz dincəlmək üçün ayaq saxlayan kimi tuşlayıcı və patrul lideri kompasla olduqları yeri işarələyir, patrulun dəqiq mövqeyini üçbucaqla bölürdülər.
Sonrakı adam rabitəçidir. O, patrul rəhbərinin yaxınlığında yerləşir ki, patrul rəhbərinin təyyarə və topçu kimi xarici dəstəkləyici aktivlərlə əlaqəsini təmin etsin. Müvafiq olaraq rabitəçi də hər şeydən məlumatlı olur. O tuşlayıcı və patrul lideri xəritəni öyrənən zaman izləyib, hədəfə çatmaq üçün nə qədər qaldığını, hansı yüksəkliyə yaxınlaşdıqlarını, heyətin yenidən nə vaxt dayanacağını eşidib. Beləliklə, patrul rəhbərinin patrulun mövqeyi və ya hədəfə qədər olan məsafə kimi məlumatlarını komandanlıq zəncirinə ötürməsi lazım olanda bunu rabitəçi vasitəsilə etdiyi üçün rabitəçi baş verənlərdən həmişə xəbərdar olurdu.
Rabitəçidən sonra ilk pulemyotçu gəlirdi və o, çox vaxt birinci səviyyədə heyətdən xəbərsiz idi. Patrul liderindən uzaq olan pulemyotçu tuşlayıcı ilə patrul liderinin arasında gedən müzakirələrdən xəbərsiz idi. Sırada tibb işçisi idi. Patruldan sonra artıq 5 adam var. Tibb işçisi baş verənləri və harada olduqlarını çətinliklə başa düşürdü.
Tibb işçisini ikinci pulemyotçu izləyirdi. İkinci pulemyotçu heyətdən o qədər uzaq idi ki, o adətən kor-koranə ondan əvvəldə gedən adamı izləyirdi. Ardınca başqa bir adam gəlirdi, sonra bir başqası, daha sonra başqa biri. Onların hər biri tuşlayıcı və patrul rəisindən uzaqlaşdıqca daha da məlumatsız olurdular.
Sıranın ən axırıncı adamı isə tamamən məlumatsız olurdu. Nə qədər az məlumatlı olurdunsa, o qədər çarəsiz olurdun. Sən harada olduğunu, hədəfə çatmaq üçün nə qədər yol qaldığını, növbəti dayanacağın nə vaxt olduğunu, ətrafda hansı yüksəkliklərin olduğunu bilmirdin. Qarşıda səni çıxmalı olduğun nəhəng bir dağın yaxud keçməli olduğun çayın gözləməsi haqqında heç bir fikrin olmurdu. Edə biləcəyin tək şey addımlamaq və dözmək idi. Mənəvi vəziyyətinin çökdüyünü və patrulun tamamilə dağılmağa hazır olduğunu hiss edirdin.
Ancaq işin ən pis tərəfi buna dözmək deyildi. İşin ən pis tərəfi sənin taktiki vəziyyətin idi. Harada olmağın haqqında heç bir fikrin olmurdu. Düşmən hücum edərsə, hara getməli olduğunu bilmirdin. Tağımdan aralansan itə bilərdin. Harada olduğunu bilmək döyüş meydanında bilməli olduğun ən vacib şeydir. Səndə isə bu məlumat yox idi.
Fərqli pozisiyaları icra etdiyim üçün başa düşdüm ki, nə qədər uzaq olsan, o qədər az biləcəksən. Hər dəfə tuşlayıcı, patrul lideri və ya rabitəçi kimi fəaliyyət göstərəndə nə baş verdiyini anladığım üçün hər şeyi çox aydın başa düşürdüm. Ən sonda olan zaman isə elə bilirdim ki, başımda çanta ilə meydanda qalmışam. Bu hissə nifrət edirdim.
Beləliklə, həm gənc xüsusi təyinatlı (SEAL) patrul rəisi vəzifəsini icra etdiyim zamanda, həm də dəstə rəisi, tağım komandiri və tapşırıq bölüyü komandiri kimi xidmət etdiyim zamanlarda, patrulda olanların nə baş verdiyindən xəbərdar olduqlarından əmin olurdum. Missiya brifinqində addımlayarkən siqnalların ötürülməsinin vacibliyini möhkəmləndirirdim. Hamının asanlıqla müəyyənləşdirə biləcəyini bildiyim əhəmiyyətli ərazilərin xüsusiyyətlərinə ciddi diqqət yetirərək, hər kəsin gedəcəyimiz marşrutu bilməsindən və anlamasından əmin olurdum. Hər dayanacaqda xəritəni hər bir əsgərə və ya hər bir komanda liderinə göstərərək harada olduğumuzu, hədəfə çatmaq üçün nə qədər gedəcəyimizi, ərazidə hansı çətinliklərlə qarşılaşa biləcəyimizi izah edirdim. Mən onların nə qədər suları qaldığını, ayaqlarının necə olduğunu, nə qədər yorulduqlarını da soruşurdum.
Ancaq mənim axtardığım təkcə onların rahatlığı və rifahı deyildi. Döyüş sahəsində məlumatsız olmaq bir tağım, heyət və ya istənilən ölçüdə olan birlik üçün qeyri-sağlamdır. Nə baş verdiyini bilən qoşunlar işlərini səmərəli və yüksək mənəviyyatla yerinə yetirmək üçün hazır vəziyyətdə olurlar. Məlumatsız qoşunlar isə baş verəcək fəlakət kimidir.
Aydındır ki, bu təkcə taktiki patrullara aid deyil. İstənilən idarəetmə vəziyyətində liderin komanda üzvlərini mümkün qədər məlumatlı saxlamağı çox vacibdir. Komanda üzvləri harada olduqlarını, hara getdiklərini, məqsədə çatmaq üçün nə qədər getməli olduqlarını bilməyəndə çaşbaş qalırlar.
Belə olan zaman insanlar hansı istiqamətdə irəliləyəcəklərini bilmirlər. Onlar səylərinin strateji missiyaya necə təsir etdiyini anlamırlar. Onlar işlərini səmərəli görə bilmirlər. Buna görə də mənəvi vəziyyətləri qəfil düşür.
Liderlik nöqteyi-nəzərindən ən çətin iş komandanın sənin gördüklərini həmişə görmədiyini anlamaqdır. Sizə verilən məlumatlar komanda üzvlərinə verilməyib və buna görə də onların bu məlumata sahib olduğunu düşünmək laqeydlikdir. Komandanızı yeniləmək üçün təşəbbüskar olmalısınız. Onları daima baş verənlərdən xəbərdar etməlisiniz. Onların sizə sual verəcəklərinə ümid edə bilməzsiniz; onlar nəyi bilmədiklərini bilməyə bilərlər. Fərz etməyin ki, onlar hər şeyi bilirlər. Əksinə, fərz edin ki, onlar heçnə bilmirlər və bir lider kimi komandanı daima məlumatlandırmaq məsuliyyətini öz üzərinizə götürün.