Rashad Mirzayev
  • ENEN
No Result
View All Result
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
Rashad Mirzayev
No Result
View All Result
Home Bloq

“Xoşbəxt olmaq üçün yaradılmamısan”

by Rashad Mirzayev
İyul 25, 2022
You are not designed to be happy
Share on FacebookShare on Twitter

Şənbə səhəri, çöldə 35 dərəcə isti.. Səhər saat 10:00-da oyandım, idman zalına getdim, məşq etdim və sonra hovuzun yanında qızmar günəşin altında məqalə yazmaq istədim. Həddindən artıq səs-küy var idi və telefonum çox qızdı. Bəli, hətta iPhone-ların da bəzən dincəlməyə ehtiyacı olur.Buna görə də qulaqcıqda musiqi qoşmamışdım. Müsbət tərəf o oldu ki, az da olsa qarala bildim. Sonra evə qayıtdım və buzlu duş aldım. Soyuq suyun faydaları ilə sizi bezdirmək fikrim yoxdur. Əgər bu mövzu sizi maraqlandırdısa, biraz araşdırma edin. İnanın ki, buzlu suyun faydalarına heyran qalacaqsınız. Hərdən vanna qəbul etmək üçün 20-30 kilo buz alıram.  Buz vannasının sizə verdiyi cavanlaşma effekti başqa heç nə ilə müqayisə oluna bilməz. Onun verdiyi gümrahlıq hissi bir fincan qəhvəni belə utandırar. Yaxşı, gəlin əsas mövzuya qayıdaq. Hovuz kənarındakı uğursuz cəhdimndən sonra mən öz düşüncələrimi etibarlı məkanımda, qonaq otağımda yazıram. Otağım neytral rənglər, kitablar, eskizlər və karantin bitəndən bəri demək olar ki istifadə olunmamış əyirici maşınla əhatə olunub.

Davam etməzdən əvvəl bir şeyi etiraf etmək istəyirəm. Paylaşdığım və ya yazdığım hər şeyin şəxsən mənimlə əlaqəsi var. Mən “Oh, bunun haqqında yazsam çox insanın marağını çəkəcək” deyib mövzu seçmirəm. Nə vaxt ki mən müəyyən bir mövzu haqqında yazmağa qərar verirəm, hətta bu ağ fonlu Instagram hekayəsi olsa belə, yazdıqlarımın həmişə bir mənşəyi olur. Təcrübələrim, duyğularım və mən. Biz elə bir dövrdə yaşayırıq ki, gördüklərimizin böyük əksəriyyəti “məzmun çirklənməsi”-dir. Baxmaq, klikləmək, görmək və oxumaq üçün çox şey var. Unutmayın ki, hər bir böyük texnoloji platforma sizin diqqətinizi cəlb etmək və sizi əldə saxlamaq üçün milyardlarla pul xərcləyir. Onlar sizin yazılara klikləməyiniz, onların platformalarında qalmağınız üçün bacardıqları qədər cəlbedici başlıqlar yazırlar. Bunun üçün hər şeyə hazırdılar.

“Tarix təkrarlanır” deyimi burada tam yerinə düşür. Tarixən biz buna oxşar hadisə yaşamışıq. İndi isə qısa tarix dərsi gəlir.

1468-ci ildə Mainzdən olan alman ixtiraçısı Yohan Qutenberq “Qutenberq mətbuatını” yaratdı. Bu, qərb dünyasında çap mətbuatının və qəzetlərin başlanğıcı idi. Bir neçə əsr sonra qəzet biznesi “pik” həddə çatmağa başladı. Qəzetlər 19-cu əsrin əvvəllərində Amerikada şiddətli şəkildə çiçəklənməyə başladı. 1830-cu illərə qədər Birləşmiş Ştatlarda təxminən 900 qəzet var idi ki, bu da Böyük Britaniyadan iki dəfə çox idi və onun oxucuları da çox idi. 20 il ərzində bu rəqəm 2500-dən yuxarı qalxdı. İndi isə icazə verin sizə bir nümunə göstərim. Təsəvvür edin ki, siz Londonda və ya Nyu-Yorkda bir qatar stansiyasına gəlirsiniz və yüzlərlə qəzet satan oğlan sizin üzünüzə qəzetdəki başlıqları qışqırır. Sizin diqqətinizi çəkmək, onun qəzetlərini almağınız üçün mübarizə aparırlar. Onlar məzmunundan asılı olmayaraq bir başlıq ilə sizi cəlb etmək istəyirlər. Bu insanların əsas məqsədi qəzetləri sizə satmaqdır. Əslində məzmun böyük ehtimalla, sizin marağınızı çəkməyəcəkdir. Bu sizə nəyisə xatırlatmır? Bəli, bunun üçün bir söz var – “Klikbeyt”.  

Klikbeyt — əsas məqsədi istifadəçilərə adətən keyfiyyətsiz və yanlış məlumat olan müəyyən linki kliklətmək olan veb kontent üçün işlədilən ifadədir.

Əminəm ki, hər biriniz internetdə gəzinərkən  “Sevgilinizin sizi aldatdığını öyrənməyin 7 yolu”, “Kapitoliyə basqın edən şəxsin ekstremist qruplaşmanın üzvü olduğu iddia edilir” və ya “Məşhur müğənni toyuna milyonlar xərclədi, görün toyda kimlər iştirak etdi” kimi başlıqlara rast gəlmisiniz. Mənim üçün müasir klikbeyt və tarixi çap mətbuatı eynidir. Bütün məzmun yazıçıları sizin diqqətinizi çəkmək üçün mübarizə aparırlar. Ancaq bu o demək deyil ki yazılan bütün məzmunlar dəyərsizdir. Washington post və New York times kimi təşkilatlar zamanında gündəlik abunəçilər qazanmağa başlamışdılar. Bu o demək idi ki, onların qəzeti hər gün qəzet marşrutu ilə Warren Baffett kimi uşaqlar tərəfindən qeyd olunan abunəçilərin evlərinə çatdırılmalı idilər. Buna görə də bir nəşriyyat gündəlik 200 min abunəçi toplayan zaman, artıq onlarda  öhdəlik hissi yaranmağa başladı. Bu da o demək idi ki, onlar cəlbedici başlıq və ya mübahisəli məzmun təqdim etməli deyildilər. Onların əsas öhdəliyi xəbərləri çatdırmaq idi. Buna baxmayaraq, bu gün xəbər dünyası çox dəyişib, ona görə də bu nəzəriyyə artıq tətbiq olunmur. Bununla belə, icazə verin, etdiyim etirafla nöqtəni qoyum. Mən məzmunu diqqət çəkmək üçün yaratmıram. Mən insanların həyatına böyük və ya kiçik olmasından asılı olmayaraq, hər-hansı bir təsir göstərə bilmək üçün öz zamanımı qurban verirəm. Nə qədər ki, mənim varlığımla bu yer insanların azad düşündüyü və azad yaşadığı daha yaxşı bir yerə çevrilir, mən özümü məmnun və doymuş hiss edirəm.

Oh, bu uzun və planlaşdırılmamış bir giriş oldu.. Məncə yazının gözəlliyi də elə bundadır. Mən yazacağım məqalələrin quruluşunu əvvəlcədən planlaşdırmıram; Düşündüyüm tək şey bu olur- Mövzu və birinci abzas. Əgər bu iki şey qaydasındadırsa, dərhal yazmağa başlayıram.

Budur, hər şey qaydasındadır və mən bu məqaləni  bitirməkdə qərarlıyam.

5 il əvvəl Sadhguru Bakıya gəldiyini bildirmişdi. Bu şıltaq görünüşlü oğlan mənim marağımı çəkdi. Mən əvvəllər onun haqqında heç nə eşitməmişdim. 3 bilet aldım və dostlarımı da mənimlə gəlməyə dəvət etdim. Təəssüf ki, heç kim Sadhguru-ya görə şənbə gününü qurban vermək istəmədi və mən tək getdim. Düzünü desəm, onun tədbirində iştirak etdikdən, kitablarını oxuduqdan və podkastını dinlədikdən sonra onun haqqında çox da yüksək fikirdə deyiləm.  Fikrim dəyişməyəcək. Məncə o çox kommersiyaldır və mən bu oyuna gəlməyəcəm. Mən hətta tədbirdən tez çıxmışdım. Buna baxmayaraq, o gündən götürdüyüm ən böyük fikir bu oldu: İnsan unikaldır. İnsanlar sonsuz şeylər istəyirlər. Heç bir heyvan belə deyil. Zürafə və ya aslan fərqi yoxdur, hər hansı bir məməliyə yaşamaq üçün 3 vacib şeyi versən, onlar başqa heç nə istəməyəcəklər. Qida, sığınacaq və çoxalma. Sadəcə bu. Başqa heçnə lazım deyil. Ancaq insan bu 3-nə çatdıqdan sonra istəklərinin siyahısı sonsuz olur. Naval Ravikant bir dəfə demişdi: “Xəstə insan yalnız sağlam olmaq istəyir, sağlam insan isə sonsuz şeylər istəyir”

İnsan əsas instinktiv məqsədlərə çatdıqdan sonra məhz o evi, bu maşını, o mal-dövləti, bu hissləri, adrenalini, sevinci, xoşbəxtliyi, macəranı, səyahəti və s. istəyir.

Mənə elə gəlir ki, insanlar həyatı boyu xoşbəxt və ya məmnun olmaq üçün yaradılmayıblar. Kiminsə  tamamilə arzusuz yaşadığını qavramaq mənim üçün çətindir. Fikrimcə, biz hər hansı digər canlılar kimi ilk növbədə sağ qalmaq və çoxalmaq üçün yaradılmışıq. Əsas məqsədimiz fərdi genlərimizi gələcək nəslə ötürməkdir. Məmnunluq halı və dinclik bizim mümkün təhlükələrə qarşı mövqeyimizi aşağı sala bilər. Xahiş edirəm ki, təəccüblənməyin və qaşlarınızı endirin. Bizim nəyəsə görə yaradılmamağımız o demək deyil ki, ona nail olmaq mümkün deyil. Biz 100 km-lik ultramarafonlarda qaçmaq üçün nəzərdə tutulmamışıq, lakin bəzilərimiz zədələnmə riski olsa belə, qaçırlar. Biz həm də bir-birimizin üstündə, günəşdən, təmiz havadan və təbiətdən uzaq göydələnlərdə yaşamaq üçün nəzərdə tutulmamışıq, amma onu da necəsə bacarırıq.

“Təkamülün beynimizin spesifik hissələrinin inkişafını (bu, bizə əla icra və analitik qabiliyyətlər verir) xoşbəxt olmaq qabiliyyətindən üstün tutması faktı bizə təbiətin üstünlüyündən xəbər verir. Beynin müəyyən hissələri və neyro-sxemlərinin hər biri xüsusi nevroloji və intellektual funksiya ilə bir-birinə bağlıdır. Buna görə də xoşbəxtliyin nevroloji əlaqə ilə bağlı olmayan sadəcə psixoloji bir quruluş olması beyin toxumasında müşahidə edilə bilməz”.

Siz indi düşünə bilərsiniz ki, lənətə gəlsin, bəs əgər mən bunun üçün nəzərdə tutulmamışamsa, mən necə xoşbəxt olacağam? Bunun bir cavabı var-“əksinə”. Bir qaçışçının 100 km qaçdığı kimi. O instiktlərə, istəklərə qarşı gedərək yarış üçün məşq edir, yatır və yeyir.

Hətta bəziləri deyir ki, “xoşbəxtlik arzuların olmamasıdır”. Bu mənə çox mənalı gəlir; Bununla belə, mən pizzanı sevirəm, yaxşı odun sobasında bişmiş marqarita məni o qədər sevindirir ki, gözlərimin içi gülür. Buna baxmayaraq, mən bu çox vacib ifadəni başa düşürəm – siz xoşbəxtliyinizə şərtlər qoymamalısınız. Şərt qoymaq-“Evlənməsəm xoşbəxt olmayacağam” “O maşını, işi və evi almasam xoşbəxt olmayacağam” kimi səslənə bilər. Ambisiyalar  və məqsədlər hər kəsin sahib olmalı olduğu hisslərdir. Lakin beyninizə bu cür mütləq bəyanatlar vermək sizi ümidsizliyə düçar edəcəkdir.

Mart ayında Kosta-Rikada mənə danışılan qısa bir hekayəni yenidən vurğulamaq istəyirəm.

Bir dəfə uzunqulaq yolda bir yerkökü görmüşdü. O xırtıldayan yerkökünü çox istəyirdi. Uzunqulaq ona doğru getməyə başladı. Amma ona çatmaq o qədər də asan deyildi. O yerkökündən başqa heç nəyi görmürdü. O, nə qədər çox gedirdisə, yerkökü o qədər uzaq görünürdü. Uzunqulaq təkcə yerkökünə diqqət yetirdiyi üçün başqa heç nə görmürdü və uzun yolda heç nəyə məhəl qoymurdu. O, yol boyu tərəvəz tarlaları, meyvə ağacları, ot yığınları, su axınları və bir çox başqa mükafatların və ya gözəlliklərin yanından keçdi. Amma o yerkökünü istəyirdi. Uzunqulaq bütün digər təkliflərə məhəl qoymadığı üçün sonda bütün fürsətləri əldən verdi.

Sonsuz yoldan sonra o, əslində heç yerkökünə çatmadı və heçnəsiz qaldı.

Bəzən yavaşlayıb ətrafa baxmaq lazımdır.

Uzunqulaq olmayın. Hekayənin sonu.

Əksinə, mən sizdən və özümdən aşağıdakı kimi düşünməyinizi xahiş etmək istərdim. “Həyatdan istədiyiniz şeyi əldə etmək üçün əlinizdən gələni edin, lakin bu baş vermədiyi təqdirdə, anlayın ki, bu, dünyanın sonu demək deyil.” Mən bu məqalənin heç bir hissəsində “pul” mövzusuna toxunmadım. Çünki “xoşbəxtlik pulla alınmır” və ya “xoşbəxtlik maddiyyatda deyil” kimi ifadələr işlətmək istəmirəm. Məncə, məsələ budur: Pulun gücləndirici təsiri var. Əgər siz pulsuz bədbəxt və ya xoşbəxtsinizsə, bu o deməkdir ki, pulla ya daha bədbəxt, ya da daha xoşbəxt olacaqsınız. Çox sadədir. Nə olursan ol və necə olursan ol – pul səni DAHA ÇOXU edəcək.

İcazə verin, beyninizi bir az da qarışdırım. Müsbət təcrübə istəmək mənfi təcrübədir; mənfi təcrübəni qəbul etmək müsbət təcrübədir. Bu cümləni yenidən oxuyun.

Bu, filosof Alan Wattsın “tərs qanun” adlandırdığı şeydir. Siz daha yaxşı hiss etmək üçün nə qədər çox səy göstərsəniz, bir o qədər az məmnun olursunuz. Bir şeyin arxasınca getmək, ilk növbədə onun sizdə olmaması faktını gücləndirir. Varlı, güclü, lider, sahibkar, milyonçu və ya hər nə qədər çoxu olmaq istədikcə, özünüzü bir o qədər kasıb, əskik və lazımsız hiss edirsiniz.

“Daha seksual və arzuolunan olmaq istədikcə, əsl xarici görünüşünüzdən asılı olmayaraq, özünüzü bir o qədər çirkin görməyə başlayırsınız.

Nə qədər çox xoşbəxt olmaq və sevilmək istəsəniz, sizi əhatə edən insanlardan asılı olmayaraq özünüzü bir o qədər tənha hiss edirsiniz. Mənəvi cəhətdən maariflənmək istədikcə, ora çatmaq üçün daha eqoist və dayaz olursunuz”. Bəli, bu son abzas hətta mənə belə yaxşı bir şillə vurdu.

Bu yerdə sizə “əks qanunu” araşdırmağı məsləhət görürəm. Fərqindəlik üçün faydalı bir nəzəriyyədir.

Yadda saxlamaq lazımdır ki, biz davamlı olaraq xoşbəxt olmaq üçün yaradılmamışıq. Ancaq bunu “heç vaxt xoşbəxt olmayacaqsınız” kimi mütləq bir ifadə kimi qəbul etməyin. Biz yalnız ağrının təzadına görə xoşbəxtliyin varlığını bilirik. “Acını dadmayan, şirinin qədrini bilməyəcək”. Söhbət təzadlardan gedir; qalan hər şey müəyyən mənada nisbidir. Uzunqulaq olmayın, xoşbəxtliyinizə şərtlər qoymayın, kor olmayın – fərqindəlik yaradın, hər şeyə fikir verin və nə edirsinizsə ondan zövq alın.

Pura Vida,

Sizin üçün bəzi oxumalıq materiallar:

Subscribe to my Personal & Professional Blog

We don’t spam! Read our privacy policy for more info.

Check your inbox or spam folder to confirm your subscription.

Previous Post

Əlinin Piramidası

Next Post

Patriarx Gölməçələri

Rashad Mirzayev

Rashad Mirzayev

Related Posts

Meeting your heroes
Bloq

QƏHRƏMANLARIMIZLA ÜZLƏŞƏRKƏN

Mart 7, 2023
Universe 25 & Solitude
Bloq

25-ci Kainat və Təklik

Fevral 15, 2023
My reading list in 2022
Bloq

Kitablar, 2022

Yanvar 23, 2023
Hunter S. Thompson’s Letter on Finding Your Purpose and Living a Meaningful Life
Bloq

HUNTER S. THOMPSONUN MƏQSƏDİNİZİ TAPMAQ VƏ MƏNALI HƏYAT YAŞAMAQ HAQQINDA MƏKTUBU

Yanvar 11, 2023
Patriarch Ponds
Bloq

Patriarx Gölməçələri

Oktyabr 13, 2022
Ali’s Pyramid
Bloq

Əlinin Piramidası

İyun 24, 2022
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev

No Result
View All Result
  • ENEN
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev